'Azadlığın ruhu': Azad Avropa Radiosunun 75 illiyi

Macarıstanlı aparıcı Azad Avropa Radiosunun (RFE) Almaniyanın Münxen şəhərindəki ofisində. 1955-ci il.

Bu radio 1950-ci il iyulun 4-də yayıma başlayıb.

RFE işçiləri Münxendəki qərargahda yayım ölkələrindən gələn məktubları yerbəyer edirlər.

RFE Şərqi Avropada kommunizmdə yaşayan "xalqların qəlblərində və beyinlərində azadlıq ruhunu yaşatmaq" niyyəti ilə yaradılmışdı.

RFE Münxendəki "İngilis parkı" boyunca yerləşən bu kompleksdə yerləşirdi.

RFE Avropanın kommunist ölkələrinə yayımlanırdı. AzadlıqRadiosu (Radio Liberty) isə 1953-cü ildə Sovet İttifaqına yayım üçün yaradıldı.

RFE-nin əməliyyatlarına dəstək üçün ianələr ödəməyə çağıran buklet.

RFE-nin maliyyəsinin bir qismi ianələrdən formalaşırdı. Əsas hissəsini isə Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) gizli maliyyələşdirirdi. Bu isə RFE-yə "sərt" mövqe sərgiləməyə imkan verirdi, dövlət tərəfindən maliyyələşən yayım orqanlarının nəzərə almalı olduğu diplomatik məsələlərdən azad idi.

Azad Avropa Radiosunun Portuqaliyanın Lissabon şəhəri yaxınlığındakı Qloriyada əsas yayım stansiyası.

Azad Avropa Radiosu və AzadlıqRadiosu Almaniya, İspaniya və Portuqaliyada güclü qısa dalğa ötürücülərindən istifadə edirdi. AzadlıqRadiosunun Tayvanda işlətdiyi ötürücü qurğu isə verilişləri Sibirin dərinliklərinə yayırdı.

Silahlı mühafizəçi Qərbi Almaniyada, Çexoslovakiya ilə sərhəd yaxınlığında orta-dalğa radioötürücü maşını qoruyur. 1955-ci il.

Kommunist ölkələri Azad Avropa Radiosu və AzadlıqRadiosunun yayımlarını vurmağa başlayanda Azad Avropa Radiosu onlarla mobil ötürücü stansiyalar quraşdırdı. Bu fotodakı da onlardan biri idi. Bu stansiyalar "Dəmir pərdə"nin yaxınlığında işləyə bilirdilər.

Macarlar 1956-cı il inqilabı vaxt İosif Stalinin dağıdılmış heykəlini əhatəyə alıblar.


1956-cı ildə RFE yayımlarına görə tənqidə tuş gəldi, çoxları onu Macarıstanda antikommunist üsyanın təşviqində ittiham etdi. Sovet ordusu bu üsyanı yatırtdı, minlərlə insan öldürüldü. RFE-nin bir keçmiş direktoru deyirdi ki, "insanlara nə etməyi söyləmək radionun işi deyil". Radionun 1956-cı il yayımlarında inqilabi ruhun saxlanması ilə bağlı bəzi texniki məsləhətlər var idi.

Azad Avropa Radiosunun Berlindəki müxbiri Tom Bodin 1964-cü ildə Qərbi Berlindəki Qrunevald meşəsində birgə İngilis-Amerika təlimi vaxtı ABŞ əsgəri ilə danışır.


Radio repressiv rejimlərdə yaşayan əhaliyə çatmaq üçün ideal vasitə sayılırdı. Bir səbəb də bunun iz buraxmaması idi. Dinləyicilər sadəcə tezliyi dəyişməklə radioya qulaq asa bilirdilər.

Polşalı qız kommunizmdə yaşayan həmvətənlərinə və qadınlara mesaj göndərir.


Azad Avropa Radiosu və AzadlıqRadiosu təkcə xəbər vermirdi. Hədəf izləyicilərin dillərində musiqi, mədəniyyət proqramları da hazırlayırdı.

Redaktorlar Azad Avropa Radiosunun Münxendəki ofisində. 1967-ci il.


1967-ci ildə MKİ-nin Azad Avropa Radiosunu maliyyələşdirməsi üzə çıxdı və radio sonradan büdcəsini birbaşa ABŞ Konqresindən aldı. Radio kommunist rejimlərlə Qərb demokratiyaları arasındakı ideya müharibəsində əsas alət sayılırdı.

Münxendə monitorinq stansiyası. Kommunist ölkələrindən yayımlar burada yazılır və radio əməkdaşları tərəfindən nəzərdən keçirilirdi.


Azad Avropa Radiosu (RFE) və AzadlıqRadiosu (RL) 1976-cı ildə birləşdi, RFE/RL oldu.

1981-ci ilin fevralında radionun Münxendəki ofisində bomba partladılıb.


RFE/RL-in işinin effekti işçiləri və binalarına çoxsaylı hücumlarla nəticələnib. 1981-ci ildə Rumıniyanın kommunist lideri Nikolae Çauşeskunun sifariş etdiyi deyilən partlayış nəticəsində Münxendəki binanın bir hissəsi dağılıb, bir neçə işçisi xəsarət alıb.

1981-ci ildə Münxendəki partlayışın nəticəsi.


Patrik Mur o zaman RFE/RL-in aparıcı təhlilçisi idi. O, partlayışdan dərhal sonra hadisə yerində olub. "Dağıntının qoxusu hər yerdə duyulurdu. Bu, Soyuq müharibə idi, biz də ön cəbhədəydik", – o, e-mail-ində yazırdı.

Münxendəki binada təhlükəsizlik. 1982-ci il.


Fərdi jurnalistlər də Qərbi Avropada kommunistlərin hədəfinə tuş gəlirdi. Radio üçün kommunizmdə həyatla bağlı silsilə reportajlar hazırlayan bolqarıstanlı Georgi Markov 1978-ci ildə Londonda çətirə quraşdırılmış risin zəhəri iynəsi ilə sancma nəticəsində öldürülüb.

Şərqi Berlində gənclər 1989-cu ilin dekabrında "Berlin divarı"nın açılmasından sonra Qərbə daxil olurlar.


"Berlin divarı"nın dağılmasından sonra Avropada kommunist rejimləri bir-birinin ardınca çökdü. RFE/RL-in büdcəsinin üçdə ikisi kəsildi və radionun gələcəyi ilə bağlı müzakirələr başladı.

Praqada RFE/RL-in ilk binası.

1995-ci ildə RFE/RL Praqaya köçdü. Çexiya prezidenti Vaslav Havel radioya şəhərin mərkəzində keçmiş kommunist parlamentinin binasını nominal qiymətə təklif etdi. 2009-cu ildə isə radio şəhər mərkəzindən kənarda tikilmiş binaya daşındı.

RFE/RL-in erməni xidmətinin müxbiri Ruzanna Stepanyan Yerevanda polislə nümayişçilərin qarşıdurmasını işıqlandırır.

Avropada kommunizmin çöküşündən sonra RFE/RL bir neçə dil xidmətini bağlayıb. Buraya Polşa, keçmiş Çexoslovakiya və Baltik ölkələrinə yayımlar daxildir. Əvəzində Balkanlar və İrana yayımlar açılıb.

RFE/RI-in vizual jurnalisti Maryan Kuşnir Kiyev yaxınlığında. Rusiya 2022-ci ildə bir həftə idi Ukraynanı tammiqyaslı işğala başlamışdı.


RFE/RL bu işğalı intensiv şəkildə, yerindən reportajlarla işıqlandırıb. Bu gün Azad Avropa/Azadlıq Radioları böyük beynəlxalq media qurumudur, avtoritar hökumətləri azad medianı ya qadağan etdiyi, yaxud onun tam oturuşmadığı ölkələrdən xəbərlər verir.

Radionun Praqadakı binasında əməkdaşları həmkarları Alsu Kurmaşevanın Rusiya həbsxanasından buraxılması üçün kampaniya aparırlar. 2023-cü il.

75 illiyini qeyd edən Azad Avropa/Azadlıq Radioları Ağ evin onu bağlamaq səyləri ilə mübarizə aparır.

Soyuq müharibənin cəbhə xəttindən Ukraynadakı səngərlərədək. Bu arxiv fotoları Azad Avropa Radiosunun tarixindən söz açır. Bu radio 75 il öncə, ABŞ-nin Müstəqillik Günü yayıma başlayıb. Fotoların müəllifi Yeni Zelandiya doğumlu yazar, vizual jurnalist Amos Çappldır.