İyulun 4-də Xankəndidə Azərbaycan prezidenti İlham Əliyevlə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın görüşü olub. Bu barədə AZƏRTAC xəbər yayıb.
İ.Əliyev bildirib ki, "İsraillə İran arasında qarşıdurmanın baş verməsindən dərhal sonra İrana qarşı olan bu hərəkətlər" Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qınanılıb. O, bu qarşıdurmada İranın rəsmi, mülki şəxslərinin həlak olması ilə əlaqədar bir daha başsağlığını çatdırıb, Azərbaycan dövlətinin, xalqının İran dövləti və xalqı ilə həmrəyliyini, dəstəyini ifadə edib.
Dövlət başçısı Azərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu vurğulayıb.
Xəbərdə habelə qeyd edilir ki, İran prezidenti İsraillə qarşıdurma zamanı Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.
Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci zirvə görüşü keçirilir və İran prezidenti də bu tədbirə gəlib.
Bundan əvvəl, iyunun 27-də İranın Ermənistandakı səfiri Mehdi Sobhani demişdi ki, Tehran kəşfiyyat məlumatları əsasında Bakıya müraciət edib, İsrailin İrana zərbələr üçün Azərbaycan ərazisindən istifadə etməsinə dair məlumatların araşdırılmasını istəyib.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) isə İranın Ermənistandakı səfirinin bu açıqlamalarını "açıq təxribat" adlandırmışdı.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycan kimin yanındadır? - İranın yeni taktikası, İsrailin isə dəstəyi
Azərbaycanın İran və İsraillə münasibətləri
İsraillə 1990-cı illərdə ilk əlaqələrini quran Azərbaycan ondan ötrü vacib neft mənbəyinə çevrilib, idxalının yarıdan çoxunu təmin edir. İsrail isə Azərbaycan üçün vacib silah təchizatçısıdır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) hesablamasına görə, 2016-2021-ci illərdə İsrail Bakının silah idxalının 69 faizini təşkil edib.
Azərbaycanın İranla isə 2024-cü ilə qədər münasibətlərində müəyyən gərginlik olub. Xüsusilə, hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak oldu, ikisi xəsarət aldı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.
Xatırlatma
İyunun 13-də İsrail İrana hava zərbələri endirib. Rəsmi Təl-Əviv məqsədlərinin İranın nüvə obyektlərini sıradan çıxarmaq olduğunu bildirib. İran da qarşı tərəfə cavablar verib. Hər iki tərəfdən itkilər olub.
İyunun 21-də isə İranın üç nüvə obyektinə ABŞ zərbələr endirib. Prezident Donald Tramp zərbələri uğurlu sayıb. İran da buna cavab olaraq ABŞ-nin bölgədəki bəzi obyektlərini vurduğunu açıqlayıb. Amma bundan əvvəl rəsmi Vaşinqtona xəbərdar edilib.
İyunun 24-də ABŞ-nin vasitəçiliyi ilə İsrail və İran arasında atəşkəs əldə edilib
ABŞ, İsrail və bir çox Qərb ölkələri hesab edirlər ki, İranın uranı zənginləşdirmək layihəsi dinc məqsədlərə xidmət etmir.
Azərbaycan və İran prezidentləri bundan səkkiz gün öncə, iyunun 26-da telefonla danışmışdılar.