Tbilisi şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilini parlamentin istintaq komissiyasının tələblərinə əməl etməməkdə təqsirli bilərək 8 ay azadlıqdan məhrum edib.
İş üzrə ümumilikdə səkkiz nəfər təqsirləndirilir və Okruaşvili sonuncu olaraq mühakimə olunub.
Müxalifət liderləri ölkədə yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilər zamanı, 2025-ci il oktyabrın 4-də həbsdə olacaqlar.
Parlamentin istintaq komissiyası hakim "Gürcü arzusu" partiyasının təşəbbüsü ilə yaradılıb. Komissiyanın 2003-2012-ci illərdə Mixeil Saakaşvilinin prezidentliyi dövründə məmurların cinayətlərini araşdırdığı bildirilir.
24 iyun
Gürcüstanda iki gündə dörd müxalifət lideri həbs olunub
Gürcü müxalifətçisi, "Aqmaşenebeli Strategiyası" partiyasının lideri Giorgi Vaşadze parlamentin mübahisəli istintaq komissiyasına gəlmədiyinə görə 7 ay müddətinə azadlıqdan məhrum edilib. Ona həmçinin 2 il ərzində dövlət vəzifələrini tutmaq qadağan edilib.
Bir gün əvvəl - iyunun 23-də digər üç müxalifət lideri oxşar ittihamlarla azadlıqdan məhrumetmə cəzası alıblar. "Güclü Gürcüstan" və "Lelo" partiyalarının rəhbərləri - Mamuka Xazaradze və Badri Caparidze hər biri 8 ay müddətinə həbs olunub. "Dəyişikliklər Uğrunda Koalisiya" və "Qirçi – Daha çox azadlıq" partiyasının lideri Zurab Caparidzeyə isə 7 ay həbs cəzası verilib.
G.Vaşadze hökmün elanında iştirak etməyib. O, partiyasının ofisində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin sözlərinə görə, iqtidarda olan "Gürcü arzusu" partiyası paranoid vəziyyətdədir və bu, rejimin son mərhələdə olduğunu göstərən klassik əlamətdir. O bildirib ki, hakimiyyətin hərəkətləri daxili parçalanma, artan repressiyalar və sistemin öz daxilindəki qorxu ilə bağlıdır.
Zurabişvili qeyd edib ki, müxalifəti və cəmiyyəti çətin dövr gözləyir, xüsusilə də dinc etiraz aksiyalarında iştirak edən gəncləri. O, dinc aksiyaların davam etdirilməsinin və müxalifətin vahid strategiya ətrafında birləşməsinin vacibliyini vurğulayıb.
Müxalifət liderlərinə qarşı çıxarılan hökmləri Qərb siyasətçiləri, o cümlədən ABŞ konqresmeni Co Uilson kəskin pisləyib. Uilson sosial şəbəkədə yazıb: "Qeyri-legitim "Gürcü arzusu" rejimi müxalifət liderləri Zurab Caparidze, Mamuka Xazaradze və Badri Caparidzeni qanunsuz olaraq həbs edərək repressiyaları gücləndirir. İvanişvili ölkəni kommunist Çinin xidmətində olan birpartiyalı dövlətə çevirməyə çalışır. Senat #MEGOBARI aktını qəbul etməlidir!".